Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini 5%-ə endirdi, növbəti qərarın tarixini əvvələ keçirdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 2026-cı il sentyabrın 23-də keçirilən iclasında faiz parametrləri ilə bağlı qərar qəbul edib. Qərara əsasən uçot dərəcəsi 6,5%, faiz dəhlizinin yuxarı həddi 7,5% səviyyəsində dəyişməz saxlanılıb, dəhlizin aşağı həddi isə 0,5 faiz bəndi azaldılaraq 5%-ə endirilib. #SigortanınSesi #MərkəziBank
QƏRARIN ƏSASLANDIĞI AMİLLƏR AMB-nin bəyanatında bildirilir ki, faiz dəhlizi parametrləri ilə bağlı qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, valyuta bazarındakı proseslər, bank sektorunun likvidlik mövqeyindəki dəyişikliklər və qlobal monetar şəraitdəki son meyllər nəzərə alınıb.
Bəyanata görə, aşağı həddin endirilməsi bank sektorunda izafi likvidlik şəraitində banklararası pul bazarında əməliyyatların canlandırılmasına yönəlib. Dəhlizin genişləndirilməsinin Mərkəzi Bankın pul bazarındakı iştirak səviyyəsini azaltmaqla bankları banklararası əməliyyatlarda daha aktiv olmağa sövq edəcəyi gözlənilir.
Uçot dərəcəsinin və dəhlizin yuxarı həddinin mövcud səviyyədə saxlanılması isə inflyasiya gözləntilərinin sabitləşdirilməsinə xidmət edir. #Faiz #Likvidlik
CƏDVƏLDƏ DƏYİŞİKLİK Mərkəzi Bank 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması cədvəlini dəyişib. Faiz dəhlizi parametrləri ilə bağlı növbəti qərarın elan olunma tarixi və bununla bağlı mətbuat konfransı 2026-cı il noyabrın 4-dən oktyabrın 29-na dəyişdirilib. Həmin gün ekspertlərlə görüşün keçirilməsi də planlaşdırılır.
İLİN QALAN HİSSƏSİ ÜÇÜN YANAŞMA Bəyanatda vurğulanır ki, ilin qalan hissəsində faiz dəhlizi ilə bağlı qərarlar inflyasiya proqnozları, əsas makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarındakı proseslər və bank sektorunun likvidlik dinamikası nəzərə alınmaqla qəbul ediləcək.
AMB həmçinin qeyd edib ki, qlobal mühitdəki qeyri-müəyyənliklər və onların daxili iqtisadiyyata ötürülmə intensivliyi nəzərə alınaraq makroiqtisadi göstəricilər üzrə proqnozlar bundan sonra da müxtəlif ssenarilər əsasında qiymətləndiriləcək.
SIĞORTA BAZARI ÜÇÜN NƏ DEMƏKDİR? Qeyd edək ki, faiz dəhlizi sığorta şirkətləri üçün də əhəmiyyətlidir. Sığorta şirkətlərinin sığorta ehtiyatları əsasən depozitlərdə və qiymətli kağızlarda yerləşdirildiyinə görə, pul bazarındakı faiz səviyyəsi investisiya gəlirlərinə birbaşa təsir edir. Uçot dərəcəsinin dəyişməz qalması qısa müddətdə kəskin dəyişiklik gözlənilmədiyini göstərir; dəhlizin genişləndirilməsi isə banklararası bazarda fəallığın artmasına yönəlib.
Sigortanın Sesi növbəti faiz qərarını oktyabrın 29-da izləyəcək. #SığortaBazarı #İqtisadiyyat







